Astaranın Şiyəkəran kəndində əkin sahələri genişləndirilir

6 mindən çox əhalisi olan Şiyəkəran kəndində kənd təsərrüfatına yararlı olan torpaq sahələrindən səmərəli istifadə olunur. 2016-cı ildə həyətyanı və pay torpaqlarında 54 hektarda kartof, 28 hektarda qarğıdalı, 53 hektarda xiyar, 95 hektarda pomidor, 40 hektarda buğda, 10 hektarda çəltik əkini aparılıb, 60 hektar meyvə bağı salınıb. Ümumilikdə kəndin ərazisində 810 hektarda əkin aparıləb ki, bu da əvvəlki ildəkindən 84 hektar çoxdur. "Yaşıl çay"ın məlumatına görə, dekabrın 28-də Şiyəkəran kəndində səyyar qəbul və görüşdə Astara Rayon  İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ərazidə aparılan geniş abadlıq və quruculuq işləri, qaldırılan məsələlərin və mövcud problemlərin həlli ilə əlaqədar həyata keçirilən tədbirlər, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsi barədə söhbət açıb.

Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Əliyev icra başçısının kənd sakinləri ilə keçirdiyi görüş zamanı verilən təkliflərin və qaldırılan məsələlərin operativ şəkildə yerinə yetirilməsinə göstərdiyi köməyə görə bütün sakinlər adından razılığını bildirib, rayon icra hakimiyyətinin başçısını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. Qeyd olunub ki, 2016-cı ildə kəndin meydan məhəlləsindən Şiyəkəran 1 saylı tam orta məktəbinə gedən yol asfaltlaşdırılıb, kəndi yarıya bölən Pensərçay üzərində asma körpü salınıb. Kənd qəbiristanlığınin ərazisi genişləndirilərək bura 500 maşından çox torpaq daşınıb. Həllini gözləyən ən vacib məsələlərdən biri də Şiyəkəran kənd 1 saylı tam orta məktəb binasının və uşaq bağçasının əsaslı təmir edilməsidir.

            Səyyar qəbul və görüşdə çıxış edən ağsaqqallar Əsgər Zeynalov, Əziz Dadaşov, Kazım Əliyev, şəhid atası Kərimağa Əliyev, müəllimlərdən Həbib Həbibov, Xalidə Dadaşova və başqaları çıxış edərək kənd sakinləri  ilə növbəti görüşə gəldiyinə, vətəndaşların müraciətinə həssaslıqla yanaşdığına görə icra başçısına minnətdarlıqlarını bildirmiş, kəndin ayrı-ayrı məhəllələrinə verilən təbii qazın təzyiqinin aşağı olması, ara yolların təmiri, kanalların təmizlənməsi və digər məsələlər barədə qeyd və təkliflərini diqqətə çatdırıblar.

              Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, Qaz İstismarı Sahəsinin şöbə rəisi Elşad Teymurov, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli səyyar qəbul və görüşdə qaldırılan məsələlərin həlli ilə əlaqədar məlumat vermişlər.

 Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, son dövrdə respublikamızda ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməli tədbirlərin görüldüyünü, əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırıb. Astara rayonunda ənənəvi əkinçilik növləri olan çayçılığın, çəltikçiliyin, sitrusçuluğun, tərəvəzçiliyin və baramaçılığın inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.

Kəndin ərazisində əvvəlki illərdə yüzlərlə hektarda çay plantasiyaları salınıb, çəltik əkinləri keçirilib. Fermer və sahibkarlar dövlətin göstərdiyi qayğı və diqqətdən ruhlanaraq bu əkin növləri üzrə kəndin  əvvəlki şöhrətini geri qaytarmaq üçün bütün qüvvələri səfərbərliyə alıblar.

Sərraf Mirsəfəroğlu