"Səs" qəzetinin mediada YERİ VƏ ROLU

 Yanvarın 11-də Azərbaycan mətbuatının ilk qaranquşlarından biri olan “Səs” qəzeti 26 yaşını qeyd edəcək. Mediada öz dəsti-xətti ilə seçilən “Səs” qəzeti bir çox qəzetlərə məktəb rolunu oynamaqla yanaşı, milli mətbuatın inkişafına öz töhfələrini verib. “Səs” qəzetinin mətbuatda yeri və rolu haqqında SİA-ya fikirlərini bildirən media nümayəndələri qəzetin müstəqillik ideyalarının yayılmasında, Azərbaycan dövlətçiliyinin yaranmasında mühüm rola malik olduqlarını bildiriblər.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: “Səs” qəzeti yeganə mətbu nəşrlərdəndir və KİV qurumlarındandır ki, ötən 26 il müddətində fasiləsiz fəaliyyət qurmağı bacarıb. Bilirsiniz ki, Azərbaycan mətbuatında çoxlu KİV qurumları olub ki, onlar fəaliyyətə hay-küylə başlasalar da bir müddət sonra ya maliyyə, ya rəhbərlik, ya da digər problemlər nəticəsində fəaliyyətlərinə xitam veriblər. “Səs” qəzeti mətbuata yeniliklər gətirib. Belə ki, qəzetin tərkibində Səs İnformasiya Agentliyi (SİA), daha sonra ilk internet televiziyalardan olan SƏS TV açılıb. Səs brendi ilə yaranan media qurumları yeni KİV texnologiyaların tətbiq edilməsi baxımından öz sözünü demiş və başqa media orqanlarına nümunə olmuş KİV qurumudur. Eyni zamanda bu da daimi olaraq Azərbaycanda informasiya zənginliyinin yaranmasında, həmçinin fikir plüralizminin formalaşmasında ciddi rol oynayıb. Ümumiyyətlə, SƏS Media Qrupa daxil olan  KİV qurumlarında cəmiyyətin bütün sferalarını əhatə edən və peşəkar informasiyalarla tanış olmaq mümkündür. Bu baxımdan “Səs” qəzetinin rəhbəri və orada çalışan bütün əməkdaşları təbrik edirəm. Arzu edirəm ki, bu tip media qurumları daha uzun ömürlü olub, başqalarına da nümunə ola bilsinlər”.

 “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “ Səs” qəzeti 26 illik ömrünü böyük mübarizə ilə keçirib. Azərbaycanın müstəqillik dövlətçiliyi ilə yaşıd olan çox az qəzetlər var ki, onlardan da biri məhz “Səs” qəzetidir. Bu qəzetin böyük özəlliklərindən biri Azərbaycanın dövlət müstəqilliyi ilə paralel və həmyaşıd bir dövrü əhatə edir. “Səs” qəzeti bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Bu qəzet müstəqil Azərbaycan dövlətinin yaratdığı şəraitdən özü üçün inkişaf yolu tapmayıb, əksinə dövlətimizin müstəqillik qazanması prosesinin aktiv iştirakçısı və hətta təşkilatçılarından olub. "Səs" qəzetinin medianın, eləcə müstəqil dövlətçilik tarixində yerini bu amil hələ bundan sonra uzun illər müəyyən edəcək. Başda qəzetin baş redaktoru Bəhruz müəllim olmaqla bütün “Səs” kollektivini təbrik edirəm. Ümid edirəm ki, “Səs” qəzeti bundan sonra da milli jurnalistikamızın, mətbuatımızın inkişafında, həmçinin medianın dövlət siyasətinə dəstəyinin daha peşəkar sürətdə aparılması istiqamətində yeni nümunələr ortaya qoyacaq”.

"Olaylar" qəzetinin baş redaktoru və "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz: “Səs" qəzetinin Azərbaycanın mətbuat tarixində öz yeri var. Azərbaycançılıq ideyasının, dövlət maraqlarımızın qorunması istiqamətində bu qəzetin xidmətləri əvəzsizdir. Müstəqil Azərbaycan mətbuatının formalaşmasında "Səs" qəzetinin xidmətləri danılmazdır və ölkə jurnalistikasının inkişafına xidmət göstərən bir qəzetdir. “Səs" qəzeti həmişə eyni maraqla, həvəslə oxunan qəzetlərdən sayılır. Ötən 26 il ərzində şərəfli inkişaf yolu keçmiş “Səs” qəzeti bu gün cəmiyyətimizin informasiya tələbatının ödənməsində mühüm rol oynayır. O dövrün mürəkkəb siyasi prosesləri içərisində "Səs" qəzeti cəsarətlə sözünü dedi, mövqeyini ortaya qoya bildi, daim ədalətin zəfər çalması uğrunda mübarizə apardı. Qəzet müstəqil Azərbaycan mətbuatının qocaman nümayəndəsi olaraq öz işinin öhdəsindən layiqincə gəlir. Ümid edirəm ki, “Səs” qəzeti bundan sonra da Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqətlə xidmət edəcək. “Səs” qəzetinin kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

 Biz də "Yaşıl çay" jurnalı olaraq  "Səs" qəzetinin kolektivini əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

  "Yaşıl çay"