“Səs” qəzeti milli mətbuatımızın ilk qaranquşlarındandır”

Bu gün müstəqil Azərbaycanın ilk mətbu orqanlarından olan “Səs” qəzetinin 26 yaşı tamam olur. Tanınmış nəşr çox çətin və keşməkeşli bir dövrdə, 1990-1993-cü illərdə, ölkədə ictimai-siyasi durumun gərgin vəziyyətdə və güclü senzuranın mövcud olduğu dövrdə fəaliyyətə başladı. Mətbuata qarşı güclü təzyiqlərin mövcud olduğu bu çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması fədakarlıq nümunəsi idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu məsuliyyəti üzərlərinə götürdülər. Beləliklə, “Səs” ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci il yanvarın 11-dən dərc olunmağa başladı. O zaman hələ sovet dönəmiydi və nəşrə başlamaqla “Səs” qəzeti Azərbaycanda müstəqil mətbuatın ilk qaranquşlardan biri oldu.  İstər Azərbaycanın daxilində, istərsə də ölkədən kənarda baş verən hadisələr operativ şəkildə qəzet vasitəsilə oxucu kütləsinə çatdırılırdı.   1992-ci ilin oktyabrın 16-da "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin cavab məktubu məhz “Səs” qəzetində dərc olunması təsadüfi deyildi.. Həmin o acınacaqlı vəziyyət olan vaxtlarda 91 nəfər ziyalı adından ulu öndərə edilən müraciət böyük fədakarlıq tələb edirdi. Məhz 16 oktyabr 1992-ci ildə “Azərbaycan sizi gözləyir” başlığı ilə 91 ziyalının müraciətini “Səs” qəzeti dərc etdi. 24 oktyabr 1992-ci il tarixdə isə Heydər Əliyev cavab məktubu yazdı. Həmin cavab da “Səs” qəzetində dərc olundu Bununla da qəzetin adı Azərbaycanın mətbuat tarixinə qızıl hərflərlə həkk edildi.  Qəzet müstəqillik uğrunda mübarizədə yaxından iştirak edib və öz yazıları ilə azərbaycançılıq ideologiyasının tərənnümçüsünə çevrilib. Buna görə hər bir Azərbaycan vətəndaşının ürəyində özünə yer etmişdir. Bu qəzet heç zaman təkcə cəmiyyəti obyektiv, qərəzsiz informasiya ilə təmin etməklə öz funksiyasını bitmiş hesab etməyib. O, eyni zamanda, konkret mövqe ortaya qoymaqla, cəmiyyətin siyasi təfəkkürünün düzgün əsaslarda formalaşmasına təsir göstərmiş qəzetlərdəndir. Yarandığı gündən 2005-ci ilə qədər qəzetə Ağabəy Əsgərov rəhbərlik edibsə, 2005-ci ildən isə qəzetə rəhbərlik  Bəhruz Quliyevə tapşırılıb. Bəhruz Quliyevin dövründə qəzet yeni mərhələyə qədəm qoymuş, ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarıb.  Sonrakı dövrlərdə "Səs" qəzeti daha da modernləşərək bazasında "Səs" informasiya agentliyi, onlayn televiziya da yaranıb. "Səs" qəzeti ümimilikdə ötən 26 il ərzində böyük layihələr həyata keçirib. Bu gün də  “Səs”çilər qəzetin şanlı ənənələrinini şərəflə davam etdirir, möhtərəm prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini xalqa çatdırmaqla cəmiyyətimizin inkişafı üçün öz üzərinə düşən işi layiqincə yerinə yetirirlər.

 Bu əlamətdar gündə qəzetin baş redaktoru hörmətli Bəhruz Quliyev başda olmaqla “Səs” Media Qrupunun kollektivini ürəkdən təbrik edir, onlara can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

  Araz Yağubov,

“Yaşıl çay” FT MMC-nin direktoru,