Azərişıq: Lerikdə elektrik enerjisi təchizatındakı problem aradan qaldırılıb

Qarlı hava şəraiti hökm sürməsinə baxmayaraq, respublikanın bütün ərazilərində elektrik enerji təchizatında vəziyyət normaldır.

Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, "Azərişıq" əməkdaşları növbəli sistemində işləyir, bütün xüsusi texnikalar hazırlıqlı vəziyyətə gətirilib və problemli ərazilər nəzarətə götürülüb:

"Fərdi müraciətlər əsasında əməkdaşlarımız dərhal ərazilərə gedir və problemi qısa müddətdə aradan qaldırmaqla, əhali fasiləsiz elektrik enerjisi ilə təmin edilir".

Güclü qar nəticəsində Lerik rayonunun bəzi ərazilərində elektrik enerjisində fasilələrin yaranmasına gəlincə isə qurum rəsmisi bildirib ki, həmin ərazi geniş miqyası əhatə etməyib:

"Rayonda kiçik bir ərazidə elektrik enerjisinin təchizatında fasilə yaranmışdı. Əməkdaşlarımız tərəfindən elektrik xətləri və dirəklərin təhlükəsizliyi məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Hazırda rayon ərazisində əhali normal və fasiləsiz elektrik enerjisi ilə təmin olunur".

  "Yaşıl çay"