İlin ən yaxşı futbolçusu adına üç namizəd

2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlər siyahısında argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldu və fransız Antuan Qrizmannın adları yer alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) saytında məlumat verilir.

Qalibin adı yanvarın 9-da İsveçrənin Sürix şəhərində keçiriləcək mərasimdə açıqlanacaq. 

Lionel Messi ötən mövsüm “Barselona”nın heyətində İspaniya kubokunun qalibi olub. Argentinalı hücumçu həmçinin milli komanda ilə Amerika kubokunun finalına qədər irəliləyib. Finalda Argentina yığması Çiliyə uduzub.

“Real”ın hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qalibidir. Turninin finalında “kral” klubu Qrizmannın çıxış etdiyi “Atletiko”dan üstün olub. Kriştianu həmçinin Portuqaliyanın heyətində Avropa çempionatının qalibi olub. Pireney təmsilçisi finalda meydan sahibi Fransa yığmasını minimal hesabla məğlub edib. 

Qrizmann isə Avropa çempionatının bombardiri kimi yadda qalıb, lakin hücumçu bu mövsüm heç bir kubok qazanmayıb.

  "Yaşıl çay"