Baki 2017 həyəcanı öncəsi Xəzərdən başlayan səyahət Astarada

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Astaraya yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər,  eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək. “Yaşıl çay”ın məlumatına görə, bu əlamətdar günlə əlaqədar aprelin9-da səhər ilk olaraq Astara rayonunun Ərçivan kəndində yerləşən məşhur Yanar bulaq ətrafında tədbir keçirildi. Yanar bulaq iki elementi – od və suyu özündə gözəl surətdə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda suyun üzərində alov rəqs etməyə başlayır. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyətləri var və buna görə uzaq yerlərdən insanlar bu suyu içməyə gəlirlər.

Su mərasimi, şahmat və riyazi biliklər həvəskarı Mirrahil Ağayev, sərbəst güləş üzrə Dünya Çempionatının bürünc medal mükafatçısı Əliabbas Rzazadə və sərbəst güləş üzrə Azərbaycan Respublikasının əməkdar idman ustası Məhərrəm Ağayev tərəfindən bulaqdan səhəngə su doldurulması ilə nümayiş etdirildi.  Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Astara Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə  məktəblilər arasında təşkil olunan müsabiqə iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.

Mərasim axşam saatlarında Bulvar Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi.  Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, «Əvəsor» Folklor Xalq kollektivi və Rövşən Cabbarovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə Dünya Çempionatının bürünc medal mükafatçısı Əliabbas Rzazadə demişdir: “İdman haqda dərin biliyə sahib olan və eləcə də, belə güclü komandaya malik olan ölkəni təmsil etmək möhtəşəmdir. Bilirəm ki, Açılış Mərasimində ab-hava heyranedici olacaq. Oyunlara gəlib idmançılarımıza dəstək olun!”

   Sərraf Mirsəfəroğlu