ABŞ anti-Rusiya sanksiyalarının faydasızlığını qəbul edib

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanskiyalar ayrı-ayrı şəxslərə ciddi zərbə vursa da, Rusiya iqtisadiyyatına genişmiqyaslı təsir etməyib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytındakı elmi məruzədə yayılıb. Sənəddə sanksiyaların Rusiya iqtisadiyyatına ümumi təsirinin ÜDM-in 1%-i, Avropa İttifaqı (Aİ) ölkələrinə isə ÜDM-in 0,13%-i olduğu qeyd olunub: "Hesab edirik ki, neft qiymətlərindəki volatillik Rusiya ÜDM-nin azalmasında əsas rol oynayıb. Sanksiyaların isə iqtisadi artımın yavaşlamasında payı azdır. Buna səbəb Rusiyanın sanksiyalara verdiyi iqtisadi siyasət sahəsində cavabı olduğunu düşünürük".

"Freedom Finance" investisiya şirkətinin Rusiya bazarlarında əməliyyatlar üzrə meneceri Georgi Vaşenkoya görə, sanksiyaların effekti onların düşündüyü kimi olmayıb: "ÜDM-in azalması dayanıb, inflyasiya səngiyib, borcun ÜDM-də xüsusi çəkisi isə 20%-dən də azdır".

"Alor Broker" şirkətinin analitiki Kiril Yakovenko isə bildirib ki, sanksiyaların ilk ilində Aİ-nin Rusiyaya ixracdan mənfəəti 60,2 mlrd. avro (63,8 mlrd. dollar) azaldığı halda, Rusiyanın bu bölgəyə əsas ixracatçı şirkəti "Qazprom"un satışı artım göstərib: "Əgər sanskiyalardan Rusiya iqtisadiyyatı 1% zərər görübsə, sanksiyaların ləğvindən də 1% xeyir görəcək. Nəticədə, sanksiyaların ləğvi Rusiya iqtisadiyyatının dirçəlməsinə o qədər də təsir etməyəcək. Rusiya iqtisadiyyatı əvvəlki kimi yenə də neft qiymətlərinin konyunkturasından asılı olacaq".

  "Yaşıl çay"