“Əsrin müqaviləsi”nin reallaşdırılmasında iştirak edən bp şirkətində çalışan ilk azərbaycanlı mütəxəssislərdən biri, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Qivami Rəhimlinin Azərbaycanın enerji strategiyasının formalaşması, ölkənin qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsi, eləcə də dövlət suverenliyinin təmin edilməsi ilə bağlı bir-birini tamamlayan mühüm tarixi hadisələrə həsr etdiyi

Məqaləni təqdim edirik:

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Avropa ilə Asiyanın qovşağında yerləşən, mühüm geostrateji mövqeyə malik və müxtəlif regional qüvvələrin güclü iqtisadi və siyasi maraqlarının kəsişdiyi Azərbaycan mühüm geosiyasi məkana çevrildi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə dünyanın aparıcı neft-qaz şirkətlərinin, xüsusilə ABŞ, Böyük Britaniya, Norveç, Fransa və Yaponiyanın diqqətini cəlb etməyə başladı. Böyük Britaniyanın aparıcı enerji şirkəti bp də artıq regionun neft-qaz potensialını və burada fəaliyyət imkanlarını araşdırırdı.

1992-ci ilin sentyabrında bp-nin Kəşfiyyat və Hasilat bölməsinin rəhbəri John Browne ilə birlikdə Böyük Britaniyanın keçmiş Baş naziri Margaret Thatcher Bakıya səfər etdi. bp həmin dövrdə Xəzərdə böyük gəlir vəd edən neft-qaz layihələrində iştirak etməyə ciddi maraq göstərirdi.

“Dəmir ledi” kimi tanınan Margaret Thatcher XX əsrin dünyanın ən nüfuzlu siyasi liderlərindən biri hesab olunurdu. O, Böyük Britaniyanın ilk qadın Baş naziri olmaqla yanaşı, XX əsrdə ölkəyə ən uzun müddət rəhbərlik etmiş Baş nazir idi.

Bu, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana Qərbin belə yüksək səviyyəli siyasi xadiminin ilk səfəri idi. Bakı səfəri zamanı Baronessa Thatcher Azərbaycan Respublikası hökuməti ilə BP arasında “Çıraq” neft və “Şahdəniz” qaz yataqlarında kəşfiyyat işlərinin aparılmasına dair ilkin sazişin imzalanması mərasimində iştirak etdi.

Margaret Thatcher kimi dünya miqyasında tanınan və nüfuzlu siyasi xadimin Azərbaycana səfəri ölkədə baş verən dəyişikliklərə beynəlxalq diqqətin daha da artmasına, eyni zamanda, xarici şirkətlərin və beynəlxalq biznes dairələrinin Azərbaycana marağının güclənməsinə mühüm təsir göstərdi. Bununla belə, həmin dövrdə ölkə hələ də ciddi siyasi və iqtisadi qeyri-sabitlik şəraitində idi.

Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində aparılan müharibə, iqtisadiyyatın dərin tənəzzülü və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə mürəkkəb və qeyri-sabit şərait ölkədə biznes fəaliyyəti göstərmək istəyən xarici investorlar üçün də ciddi risklər yaradırdı.

Məhz belə keşməkeşli bir dövrdə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın daxili və xarici siyasətində mühüm dönüş yaratdı. Onun həyata keçirdiyi praqmatik və çoxvektorlu xarici siyasət müxtəlif geosiyasi güc mərkəzləri arasında balansın qorunmasına, ABŞ və Avropa İttifaqı kimi Qərb tərəfdaşları ilə yanaşı, Rusiya və İran kimi regional güclərlə də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmişdi. Beləliklə, Azərbaycan özünün əsas qlobal və regional tərəfdaşları ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında balanslaşdırmağa çalışırdı.

Ümummilli Lider Ulu Öndər Heydər Əliyev həm xaricdən gələn təzyiqlərin, həm də ölkə daxilində mövcud olan siyasi və digər maneələrin aradan qaldıraraq beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq üçün ictimai-siyasi sabitliyə nail oldu.

1994-cü ildə Xəzərin “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının işlənməsi üçün “Əsrin müqaviləsi” adı ilə tarixə düşən saziş imzalandı. Saziş çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanını təmsil edən 11 xarici neft şirkəti layihəyə cəlb olundu. Bu, misli görünməmiş çoxmilyard dollarlıq hasilatın pay bölgüsü sazişi və keçmiş Sovet İttifaqında imzalanmış ən böyük müqavilə idi.

Ulu Öndər Heydər Əliyev sonralar mətbuata verdiyi müsahibələrin birində bu prosesin mürəkkəbliyini xüsusi vurğulayaraq qeyd edirdi: “Bu müqaviləyə nail olmaq heç də asan olmayıb. Üç il davam edən danışıqlar həm daxili, həm də xarici amillərin təsiri ilə dəfələrlə yarımçıq qalıb. Səhvlərə yol verilib. Elə məqamlar olub ki, Azərbaycanın milli maraqları lazımi səviyyədə nəzərə alınmayıb və təmin edilməyib. Məhz buna görə mən şəxsən danışıqların ikinci mərhələsinə nəzarəti öz üzərimə götürdüm və bununla bağlı Prezident fərmanı imzaladım. Biz bütün tərəflərin qarşılıqlı maraqlarına cavab verən bir müqavilə istəyirdik və hesab edirəm ki, buna nail olmuşuq. Axı Azərbaycanın milli maraqları bu son dərəcə mühüm və tarixi sazişin uğurla həyata keçirilməsi ilə birbaşa bağlıdır”.

Uzun illər (1995–2007) bp şirkətinin baş icraçı direktoru olmuş Lord John Browne “Əsrin müqaviləsi”nin imzalandığı mürəkkəb dövrü xatırlayaraq qeyd edirdi ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi sayəsində investisiya qoyuluşu qarşısındakı mövcud risklər aradan qaldırılmış və nəticədə bu mühüm müqavilənin imzalanmasına şərait yaranmışdı.

Ulu Öndərin bp şirkətinin baş icraçı direktoru Lord John Browne ilə görüşü

Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi və əhalinin rifahının yüksəldilməsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də mühüm təsir göstərə bilər. Dövlət və hökumət başçıları, eləcə də beynəlxalq neft şirkətlərinin yüksək səviyyəli nümayəndələri ilə keçirdiyi görüşlərdə o, Azərbaycan xalqının münaqişəyə son qoyulmasında maraqlı olduğunu və Azərbaycan hökumətinin bu məsələdə prinsipial mövqeyini dəfələrlə vurğulayırdı.

1994-cü il sentyabrın 26-da Nyu-Yorkda ABŞ Prezidenti Bill Clinton ilə keçirdiyi görüş zamanı Ulu Öndər Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın mövqeyini açıqlayaraq, bir sıra fundamental məsələlərdə güzəştə getməyəcəyini bildirdi. Bu mövqenin əsasını Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasının təmin edilməsi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi təşkil edirdi.

Ümummilli Lider Heydər Əliyevin ABŞ Prezidenti Bill Clintonlə görüşləri

Bunun ardınca Nyu-Yorkda BMT-nin Baş katibi Butros Qali, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və İranın xarici işlər nazirləri ilə keçirdiyi görüşlərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın üzləşdiyi vəziyyəti, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilər məsələsini və münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın əməkdaşlığa hazır olduğunu ətraflı izah edirdi.

Ümummilli Lider Heydər Əliyev postsovet məkanının digər liderlərindən fərqli olaraq, Azərbaycanın sovet dövründən miras qalmış iqtisadi səmərəsizlikdən xilas olaraq davamlı inkişaf yoluna qədəm qoyması üçün xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini daha aydın görürdü.

Bu uğurun əsas amillərindən biri Ulu Öndər Heydər Əliyevin xarici investorların əlverişli hüquqi və biznes mühitinə ehtiyac duyduğunu düzgün qiymətləndirməsi idi.

Müstəqilliyin möhkəmləndirilməsi və ölkənin iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökuməti maliyyə institutlarının – Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD), İxrac Kredit Agentliklərinin (ECA) və digər nüfuzlu qurumların rəhbərlərinin, eləcə də yüksək səviyyəli xarici qonaqların bp-nin operatoru olduğu Səngəçal neft-qaz terminalına səfərlərinin təşkilinə xüsusi önəm verirdi.

Bu səfərlər görülən işləri yerində nümayiş etdirmək, əldə olunan nəticələri əyani şəkildə göstərmək və müvafiq mesajları birbaşa çatdırmaq baxımından ən səmərəli vasitələrdən biri idi. Belə səfərlər yeni layihələrin həyata keçirilməsinə dəstəyin gücləndirilməsinə, Azərbaycanın enerji sektorunda yaradılmış imkanların daha geniş auditoriyaya çatdırılmasına və xarici investisiyaların ölkəyə cəlb edilməsinə mühüm töhfə verirdi.

Böyük Britaniya kral ailəsinin üzvü Kent şahzadəsi Mayklın (Prince Michael of Kent) 2004-cü ilin fevralında Azərbaycana səfəri bu baxımdan yadda qalan hadisələrdən biri oldu.

Böyük Britaniya kral ailəsinin üzvü Kent şahzadəsi Mayklın Səngəçal səfəri

Səfər çərçivəsində Kent şahzadəsi Mayklın AÇG layihəsinin genişləndirilməsi ilə əlaqədar Səngəçal terminalında aparılan tikinti işləri ilə tanış olması da nəzərdə tutulmuşdu.

Kent şahzadəsi Maykla biznes fəaliyyəti ilə bağlı edilmiş təqdimat belə mürəkkəb bir obyektin və regionun enerji təhlükəsizliyində mühüm rol oynayan boru kəməri əməliyyatlarının necə idarə edildiyi barədə geniş təəssürat yaratdı. Tikinti sahəsinə və BTC-nin əsas nasos stansiyasına təşkil olunan səfər Şahzadəyə terminalda görülən genişmiqyaslı işləri və əldə olunan mühüm irəliləyişləri əyani şəkildə görmək imkanı verdi.

Daha sonra Kent şahzadəsi Maykl yeni inşa edilmiş təlim mərkəzində region üçün ən qabaqcıl texnologiyalardan hesab olunan iki mühüm qurğu – qazma simulyatoru və əməliyyatlar üzrə təlim qurğusu ilə tanış oldu.

Şahzadə Maykl qazma simulyatorunda təlimçilə əməliyyat prosesini sınaqdan keçirərkən

Kent şahzadəsi Maykl səfərdən sonra mediaya verdiyi açıqlamalarda gördüklərini yüksək qiymətləndirərək, həyata keçirilən nəhəng layihələrin yalnız Azərbaycan deyil, bütövlükdə region üçün böyük potensiala və əhəmiyyətə malik olduğunu vurğuladı. Onun bu fikirləri Azərbaycanın enerji layihələrinin regional əhəmiyyətini diqqətə çatdıran mühüm mesaj kimi yadda qaldı.

Kent şahzadəsi Mayklın mediaya açıqlamaları

Azərbaycanın neft potensialının düzgün istiqamətləndirilməsi, qlobal güclər və güclü qonşular arasında maraqların incəliklə tarazlaşdırılması nəticəsində ölkəyə gələcək neft gəlirini dərin strateji düşüncə ilə məhz Ulu Öndər Heydər Əliyev müəyyənləşdirmişdi. “Çıraq” yatağından hasil olunan ilkin neft bu uzaqgörən siyasətin canlı təcəssümünə çevrildi. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyatlardan biri kimi tarixə düşdü.

“Əsrin müqaviləsi” in ən çətin məqamlardan biri AÇG yataqlarından hasil olunan neftin sürətlə artan həcmlərinin dünya bazarlarına çatdırılması məsələsi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan neftini dünya bazarlarına çıxarmaq üçün əsas ixrac neft kəmərini Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına qədər uzadılmasını təklif etmişdi. Lakin ABƏŞ-in bir çox səhmdar şirkətləri buna qarşı çıxaraq Rusiyanın maraqlarına uyğun olan şimal marşrutunu, digərləri Gürcüstan ərazisindən keçən qərb marşrutunu və ya İran ərazisindən keçən, daha ucuz başa gələn cənub marşrutu kimi beynəlxalq satış istiqamətlərini təklif edirdilər.

Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində təkid etdiyi yeganə variant olan Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu barədə belə demişdi: “... Bakı-Tbilisi-Ceyhan nəqliyyat marşrutuna qarşı çıxan insanlar var idi... Onlar Azərbaycana qarşı maneələr yaradırdılar... Bizi çox böyük təzyiqlərə məruz qoyurdular... Amma biz qətiyyətimizi nümayiş etdirərək öz yolumuzdan dönmədik”.

Ulu Öndər Heydər Əliyev hətta Bakı-Ceyhan əsas boru kəməri marşrutunun Ermənistan ərazisindən keçməklə Aralıq dənizidə Ceyhan limanına nəql olunmasının mümkünlüyünü də bildirmişdi. Bu Qarbağ münaqişəsini sülh yolu ilə həlli və Azərbaycanın ərazi bütovlüyünün bərpasından sonra həyata keçə bilərdi.

BTC boru kəməri layihəsinin arxasında dayanan strateji baxış son dərəcə iddialı idi; bu təşəbbüs biznes, siyasət və texnologiyanın mürəkkəb vəhdətini, eyni zamanda, kompleks şəkildə əlaqələndirilmiş fəaliyyət tələb edirdi. Əgər belə bir boru kəməri Aralıq dənizinə qədər uzadıla bilsəydi, Qərbin neftə artan böyük tələbatı üçün etibarlı və alternativ bir enerji təchizatı mənbəyi formalaşdırılacaqdı.

2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial, mədəni infrastrukturların yaradılmasına, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldildi. Azərbaycan əldə etdiyi maliyyə gəlirlərini, eyni zamanda, işğal altında olan torpaqları azad etmək üçün ölkənin hərbi qüdrətinin mökəmləndirilməsinə sərf edirdi.

Bu proseslərin nəticələri Azərbaycanın sonrakı tarixində özünü aydın şəkildə göstərdi. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ torpaqlarını işğalından azad edərək beynəlxalq səviyyədə tanınan öz ərazi bütövlüyünü bərpa etdi.

“Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi”, - deyən Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yazdı.

2023-cü il sentyabrın 20-də Qarabağda antiterror tədbirlərinin başa çatması ilə Azərbaycan hakimiyyətinin bütün ölkə ərazisində suverenliyin təmin edildiyini elan etdiyi yeni mərhələ başladı. Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarixin “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabrla üst-üstə düşməsi xüsusilə diqqətəlayiq simvolik məna daşıyır.

Bütün bunlar Ermənistan və Azərbaycan arasında bölgədə davamlı sülhün təmin olunmasından ötrü razılaşdırılmış sülh sazişi üçün geniş imkanlar yaradır ki, bu da Ulu Öndər Heydər Əliyevin dövlət strategiyasına uyğun olaraq regionun bütün ölkələri üçün qarşılıqlı faydalı münasibətlərin yaranmasına imkan açır.