“Yaşıl çay” Fermer Təsərrüfatı 2006-cı ildə yaradılmışdır. Təsisçisi və direktoru Araz Yağubovdur.

Təsərrüfat Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşir.

“Yaşıl çay” Fermer Təsərrüfatının 150 hektar ümumi torpaq sahəsi vardır. 70 hekarında çay plantasiyası salınmışdır. 2015-ci ildən başlayaraq çay plantasiyalarında seçmə üsulla yığıma başlanmışdır. Həmçinin təsərrüfatda 5 hektarda sitrus və feyxoa bağı, 2 hektarda tut bağı salınmışdır

Təsərrüfat KT nazirliyinin DAİM, Aqrar Elm Mərkəzi, toxumçuluq və digər aqrar müəssisələrlə sıx əlaqədə işləyir, müasir aqrar elmin nailiyyətlərindən bəhrələnir. Burada Gürcüstandan gətirilmiş yüksək məhsuldarlığa malik “Kolxida”, yerli mütəxəssislərin yetişdirdiyi “Azərbaycan-2” elit çay toxumlarından istifadə edilməklə tinglik salınmış və əldə edilən tinglərdən çay plantasiyaları salınmışdır.

         Təsərrüfatın əsas istiqaməti çayçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Bu məqsədlə təsərrüfatın maddi-texniki bazası yüksək səviyyədə qurulmuşdur. “Yaşıl çay” FT ilə Hollandiyanın “J.W. HOFF BV” HANDEL, IN MACHINES EN EDVISERING-IMPORT EKSPORT şirkəti ilə bağlanmış müqaviləyə Almaniya istehsalı “Klass”, “Deutis” markalı traktor və qoşqular, çay sahələrinin becərilməsində istifadə edilən Çexiya istehsalı olan “Zetor” kultivatoru, otbiçən makinalar, ot mandajlayan və otpresləyən, qarğıdalı əkən və biçən avadanlıqlar, maşınlar gətirilib ki, bu da heyvandarlığın və çayçılığın inkişafında mühüm rol oynayır.

Çayçılığın inkişafında suvarma başlıca yer tutur. Bu məqsədlə təsisçinin şəxsi vəsaiti hesabına çay plantasiyalarının suvarılması üçün Sumqayıt Texnoparkında İSO standartlarına uyğun 12 atmosfer təziyiqə davamlı plastik su boruları gətirilmiş və Avropa standartlarına uyğun qapalı yağışvari suvarma şəbəkəsi yaradılmışdır.

Müəssisənin nəzdindəki mini emal sexində “Lənkəran çay” brendi altında 33 növdə yüksək keyfiyyətli quru çay istehsal edilir. “Buket çayı”, “Feyxoa çayı”, “Gül, “Zəncəfi”, “Zəncəfil Qold”, “ Premium” çayı, “Ekstra”, “Ekstra N1”, “Nanəli çay”, “Kəklikotulu çay”, “Xan çayı”, “Pürrəngi”çayı, “Qara məxməri” çayı, “Tibet” çayı , “Narın” ,”Limonlu” çayı kimi ekoloji cəhətdən təmiz, qatqısız çayları satışa çıxarılır. Son illər müəəsisənin istehsal etdiyi “Monterrey çayı” və “AXC-nin 100 illiyi” inin şərəfinə buraxılan çaylar diqqəti cəlb edir. Bu yeni məhsullar alıcılar və mütəxəssislər tərəfindən yüksək qiymət almışdır. İlk dəfə müəssisədə istehsal edilmiş “Feyxoa çayı” Moskva şəhərində elmi-tədqiqat laboratoriyasında tədqiq edilmiş və ən yüksək qiymətə layiq görülmüşdür.  Artıq müəssisənin çayları respublikamızda təşkil edilən bir sıra sərgilərdə nümayiş olunmuş və yüksək qiymətləndirilmişdir

Cənub mirvarisi sayılan Lənkəranda yetişdirilən çay ekoloji  cəhətdən təmizliyi ilə seçilir. Belə ki, Lənkəranda hava və suyun təmizliyi, torpaqda ağır metalların azlığı Lənkəran çayına beynəlxalq müsabiqələrdə dəfələrlə birincilik qazandırmışdır. Araz Yağubovun sözlərinə görə, fəaliyyəti dövründə Ölkə başçısı cənab İlham Əliyevin, Kənd təsərrüfatı nazirliyinin, yerli icra rəhbərliyinin diqqət və qayğısını daim hiss ediblər. 2015-ci ildə isə Yuxarı Xanbulançay Su dəryaçasınından plastik borularla 2700 metr uzunluğunda su xətti plantasiyalardakı qapalı suvarma şəbəkəsinə qədər çəkilmişdir.

Təsərrüfatda çayçılıqla yanaşı, digər sahələr- heyvandarlıq, nohur balıqçılığı, taxılçılıq, tərəvəzçilikinkişaf etdirilir. Eyni zamanda gəlirli sahə olan baramaçılıqla məşğul olmaq üçün 2 hektarda Çindən gətirilən tut tingi əkini keçirilib və yüksək nəticələr əldə edilib.

2017-ci il entyabrın 2-də Cənab Prezident ilham Əliyev “Yaşıl çay” FT-da olarkən tut tinglərinə göstərilən qulluqdan razı qalmışdır. Qeyd etmək lazımdır ki, Cənab İlham Əliyev çay plantasiyalarında olarkən çaybecərənlərlə görüşmüş, onlarla səmimi söbət etmiş, müəssisənin istehsal etdiyi çay məhsulları ilə yaxından tanış olmuşdur.

Təsərrüfatda müasir yapon və çin texnologiyası əsasında fəaliyyət göstərən 550 kvm-lik müasir kümxana kompleksi yaradılmışdır.Bura baş çəkən Kənd Təsərrüfatı naziri İnam Kərimov təsərrüfatda görülən işlərlə tanış olarkən müasir barama kompleksinə yüksək qiymət vermişdir.

Təsərrüfat son illərdə fəaliyyətini daha da genişləndirmişdir. Burada müasir “Çay muzeyi yaradılmış, yaxın vaxtlarda 2 Kənd oteli, 1 restoran istifadəyə veriləcəkdir.

Hazırda təsərrüfatın başlıca məqsədi müasir “Çay fabriki kompleksi”ni yaratmaq, “Lənkəran çayı” markası altında ekoloji cəhətdən təmiz quru çay istehsalını ildən-ilə genişləndirməkdir. Bunun üçün ardıcıl tədbirlər həyata keçirilir. Artıq çay emalı müəssisəsinin layihə-smeta sənədləri təsdiq edilib.

“Yaşıl çay” FT-nin təsisçiliyi ilə  2012-ci ildən 2017-ci ilədək “Yaşıl çay” jurnalı nəşr olunub, 2013-cü ildən “yashilchay.az” saytı fəaliyyət göstərir. Jurnal aqrar sahə ilə bağlı elmi yazılarla bərabər, cənub bölgəsinin ictimai-siyasi, mədəni, iqtisadi və təsərrüfat həyatından, burada baş verən yeniliklərdən oxuculara ətraflı məlumatlar verib, maraqlı məqalələr dərc edib.

Təsərrüfatın qonaqları ilbəil artır. 2017-ci il sentyabrın 12-də Ölkə prezidenti İlham Əliyev, ABŞ-nın Lənkəranla qardaşlaşmış Monterey şəhərinin nümayəndələri,  Avropa Birliyinin nümayəndə heyəti, 3 cü və 4-cü Bakı Humanitar Forumunun iştirakçıları, Lənkəranla qardaşlaşmış  İtaliyanın Çerveteri şəhərinin meri və müavinləri, BMT-nin Azərbaycandakı səfiri, Cənubu Koreyanın, Norveçin, Almaniya Federativ Respublikasının, İsrailin, İsveçrənin, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirləri, həmçinin Əl-cəzirə telekanalının, İsveçrənin və ölkə mətbuatınn nüfuzlu nümayəndələri “Yaşıl çay” fermer təsərrüfatının qonağı olublar

“Yaşıl çay” FT-nin rəhbəri Araz Yağubov təsərrüfatın fəaliyyətini ölkə rəhbərliyinin aqrar sahə ilə bağlı sərəncamları, xüsusən də “Çayçılıq haqqında Dövlət Proqramı”nda müəyyən edilən istiqamətdə qurur və deyir ki, biz Prezidentimizə, onun yürütdüyü siyasətə, aqrar sahənin inkişafı ilə bağlı elan etdiyi strateji xəttə inanır və bundan sonra daha həvəslə və ruh yüksəkliyi ilə çalışcağaq, məhsul bolluğu yaratmaq üçün bütün gücümüzü sərf edəcəyik.