27 Sentyabr – Anım Günü ilə əlaqədar Lənkəran şəhərində şəhidlərin əziz xatirəsi yad edilib. Xəbər verilir ki, səhər saatlarından başlayaraq Şəhidlər abidə-kompleksi ziyarət olunub. Ziyarətdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Abidə önünə tər güllər düzülüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.

Eyni zamanda, 27 Sentyabr – Anım Günü ilə əlaqədar cənub bölgəsinin digər rayonlarında – Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar, Astara və Lerikdə də müxtəlif anım tədbirləri keçirilib. Rayonlarda şəhidlərin məzarları və abidələri ziyarət olunub, onların xatirəsinə ehtiram göstərilib, abidə və məzarların önünə gül dəstələri düzülüb.

Saat 12:00-da ölkənin bütün ərazisində olduğu kimi, cənub bölgəsində də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların əziz xatirəsi ehtiramla anılıb.