"Premium Gold" 100% təbii Lənkəran Çayı
Ölkəmizdə çay bitkisi sovet vaxtından becərilməyə başlanılıb və həmin vaxtdan da şöhrəti hər yana yayılıb. Əsasən cənub bölgəsində yetişdirilən çay ətri və tamı, tərkibinin zənginliyi və daha faydalı olması ilə fərqlənir
Bir kiloqramı 2 min manata
“Yaşıl çay” fermer təsərrüfatında “Made in Azerbaijan” brendi ilə müxtəlif çeşiddə çay istehsal edilir. Qiymət çayın növündən və keyfiyyətindən asılı olaraq 10-2000 manat arası dəyişir. Hər növə uyğun yığım prosesi tətbiq olunur və hər birinin də ayrıca yığılma vaxtı var. Burada kəklikotulu, limonlu, zəncəfilli, yarpızlı, həmçinin yaşıl çay, gül çay kimi növbənöv məhsullar istehsal olunur.Əsas məqsəd, ilk növbədə, yerli bazarı çayla təmin etməkdir.
“Xarici turistlər üçün xüsusi hazırlanmış “Premium gold” çaylarımız da var. Onun 1 kiloqramı 2 min manatadır. Həm keyfiyyətinə, həm də qablaşdırmasına görə fərqlənir. Qablaşdırılması kitab formasındadır və səhifələrində Azərbaycan, ingilis və rus dillərində Azərbaycan çayı haqqında məlumatlar yazılıb”.
“Premium Gold” çayının istehsal prosesinə gəldikdə isə tam açılmamış yarpaqlar – fleşlər səhər saat 6-dək gün işığı düşməmiş yığılır və 10 dəqiqə ərzində emal sexinə çatdırılır. Bir işçi gündə 400 qram yaş yarpaq yığa bilir və qurudulduqda onun çəkisi on dəfə azalaraq 40 qram olur. Bu yarpaqlar xüsusi texnologiya ilə istehsal edilir: “Fleşlər yığıldıqdan sonra emal sexində qapalı peçdə bambukdan hazırlanmış xüsusi setkalarda qurudulur və 24 saat fasiləsiz qarışdırıldıqdan sonra emal olunur. Çay yığımında xüsusi qurğulardan istifadə etmirik. Əgər fikir vermisinizsə, Hindistan, Çin kimi çayçılıq inkişaf etmiş iri ölkələrdə də yarpaqlar əllə yığılır, xüsusən bu prosesdə qadınlar iştirak edir. Bizdə də çay yığımını qadınlar, qız-gəlinlər aparırlar. Nəyə görə? Çünki qadın əlinin zərifliyi, incəliyi, ondakı hərarət və enerji çaya hopmalıdır”...